6 general qarşısında 1 maliyyəçi leytenant| Azərbaycan və Ermənistan Müdafiə Nazirlikləri arasında rəhbər heyətin müqayisəsi

2023/12/1703323183.jpg
Oxunub: 7856     17:55     24 Dekabr 2023    
Ermənistanın “Yerevan.today” nəşri Ermənistanın ordusunun hazırkı bərbad vəziyyətini kadr nöqteyi-nəzərindən qiymətləndirib, Azərbaycan ordusunun generalları ilə müqayisələr aparıb və sonda mövcud durumun əsas səbəbinin nə olduğunu vurğulamağa çalışıb.

Ordu.az nəşrin məqaləsini olduğu kimi təqdim edir:

“Cari ayın başlanğıcında erməni jurnalistlər parlamentdə Ermənistanın müdafiə nazirinin müavini Hraçya Sarkisyandan soruşublar ki, o hansı sektoru koordinasiya edir? Sarkisyan artıq 4 aydır ki, nazir müavinidir.

Ermənistanın müdafiə nazirinin müavini suala belə cavab verib: “Iıı... bəzi, şey... Gəlin hələlik bir şey etməyim, ancaq bəzi sahələr var... bir sözlə... hazırlıq işləri görürük, bu hazırlıq işləri... Bu barədə başqa vaxt danışacam”.

Sarkisyana həmin vəzifəyə təyin olunandan bir neçə gün sonra da eyni sual verilib, amma deyib ki, hələ təzədir, iki həftədir işləyir, sonra cavab verəcək. Əslində heç bir sektor koordinasiya edilmir (yaxud ola bilsin ki, Ermənistan Müdafiə Nazirliyi artıq sektorlara bölünmür, necə deyərlər, qarışıq iş görür).

Xatırladaq ki, Hraçya Sarkisyan 2021-ci ilin dekabrında İrəvan şəhər başçısı təyin edilsə də, Tiqran Avinyanın şəhər başçısı təyin olunması və seçkilərə lazımi şəkildə hazırlaşması üçün 2023-cü ilin aprelində vəzifəsindən azad edilib. Paşinyan isə Hraçya Sarkisyanı “incitməmək” üçün onu Baş nazirin müşaviri, avqustdan isə müdafiə nazirinin müavini təyin edib. O bu məsul sahəni bilmir, amma Ermənistan müdafiə nazirinin və onun müavinlərinin tərcümeyi-hallarından məlum olduğu kimi, leytenant olsa da, hərbi rütbəsi olan yeganə şəxs odur. Orduda taqım komandiri kimi xidmət edib, tərxis olunduqdan sonra leytenant rütbəsi alıb. Hraçya Sarkisyan inqilabdan əvvəl kredit mütəxəssisi işləyib.

Ermənistan müdafiə nazirinin digər müavini Karen Brutyan isə iqtisadçıdır və ordu ilə heç bir əlaqəsi yoxdur. İqtisadiyyat, daha sonra Maliyyə nazirliklərində mütəxəssis, idarə rəisi, baş prokurorun müşaviri, Ermənistan Dövlət Gəlirləri Komitəsi sədrinin müşaviri, daha sonra müavini vəzifələrində çalışıb. İnqilabdan sonra o, maliyyə nazirinin müavini işləyib. 2021-ci ilin avqustundan isə müdafiə nazirinin müavinidir.

Ermənistan müdafiə nazirinin üçüncü müavini polis zabiti Arman Sarkisyandır. O, polisdə əməliyyat müfəttişi, şöbə rəisi, sonra idarə rəisi vəzifələrində çalışıb. İnqilabdan sonra isə polis rəisinin birinci müavini, polis rəisi olub. 2021-ci ilin yanvarından müdafiə nazirinin müavini vəzifəsində çalışır.

Ermənistan müdafiə naziri Suren Papikyan da müdafiə sektorundan uzaqdır. Bioqrafiyaya görə, 2010-2016-cı illərdə İrəvanın 54 saylı tam orta məktəbində tarix müəllimi işləyib. Bundan sonra İrəvan Şəhər Ağsaqqallar Şurasının “YELK” fraksiyasında bir il ekspert vəzifəsində çalışıb. İnqilabdan sonra ərazi idarəetmə və infrastrukturlar naziri, Baş nazirin müavini olub. 2021-ci ilin noyabrından artıq Ermənistanın müdafiə naziridir.

Ermənistanın rəqibi olan Azərbaycanın da müdafiə sektorunu maliyyəçi, iqtisadçı, polis və tarix müəllimi idarə etsəydi, müharibə aparan və təhlükəsizlik çatışmazlığı olan Ermənistan Müdafiə Nazirliyinin bu quruluşu bəlkə də o qədər də narahatverici olmazdı. Təəssüf ki, rəqibimiz orduya bizdən daha ciddi yanaşır. Bəlkə də buna görə bu gündəyik.

İndi görək Azərbaycan Müdafiə Nazirliyinə kimlər rəhbərlik edir. Beləliklə, başlayaq.

Müdafiə naziri Zakir Həsənovdur. General-polkovnikdir. Hərbi təhsil-karyerası 1976-cı ildən başlayır. 2013-cü ildən müdafiə naziridir.

Müdafiə nazirinin birinci müavini Kərim Vəliyevdir. General-polkovnikdir. Hərbi təhsil-karyerası 1982-ci ildən başlayır. 2014-cü ildən müdafiə nazirinin müavinidir.

Digər müavin general-leytenant Ənvər Əfəndiyevdir. 1987-ci ildən hərbi işlərlə məşğuldur. 2021-ci ilin iyulundan müdafiə nazirinin müavinidir.

Növbəti müavin general-polkovnik Kərəm Mustafayevdir. 1983-cü ildən hərbi təhsil aldıqdan sonra hərb sahəsində peşəkarlaşmağa başlayıb. 2014-cü ildən müdafiə nazirinin müavinidir.

Növbəti nazir müavini yenidən general-leytenant rütbəsində Ramiz Tahirovdur. 1983-cü ildə hərbi təhsilini bitirib. 2014-cü ildən müdafiə nazirinin müavinidir.

Hərbi təhsili olmayan yeganə nazir müavini Aqil Qurbanovdur. Aqil Qurbanovun 37 yaşı var, 2022-ci ildən bu vəzifədədir. Azərbaycan müdafiə nazirinin müavini - Baş direktor vəzifəsində çalışır.

Belə çıxır ki, Azərbaycanın Müdafiə Nazirliyinə rəhbərlik edən 6 generalın qarşısında Ermənistan Müdafiə Nazirliyində bir leytenant-maliyyəçi var. Ordunun vəziyyətinə kadrlar nöqteyi-nəzərindən baxmaq və qiymətləndirmək lazımdır. Necə deyərlər, hər şeyə kadrlar qərar verirlər. Bunu isə kiçik biznesdən tutmuş dövlət başçısına qədər istənilən lider başa düşür, hətta Nikol Paşinyan da bunu bilir.

Niyə ən məsul sektora rəhbərliyin ən qeyri-mütəxəssislərə, başqa ixtisaslara malik olanlara tapşırılmasına, Paşinyanın niyə məhz bu mərhələdə müdafiə sahəsinin rəhbər heyətinə müəllimi, maliyyəçiləri və polisi təyin etdiyinə gəlincə, bu nəinki şübhə doğurur, hətta bir gün araşdırma aparılmalı və izahat verilməlidir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Ermənistan   MN   Müqayisə  


Bizi "telegram"da izləyin